Baş xəbərlər02.09.2013 10:25 “Təhsil və Karyera” sərgisi builki sərgi mövsümünü açacaq
Builki sərgi mövsümünü 4-6 oktyabr tarixində “JW Marriott Absheron” mehmanxanasında keçiriləcək 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi açacaq. Bu sərgi abituriyentlərə və onların valideynlərinə müxtəlif təkliflər arasında düzgün seçim etməkdə və gələcəyə düzgün sərmayə yatırmaqda kömək etmək üçün yeni dərs ilinin başlandığı bir vaxta təyin olunub. “Təhsil və Karyera” sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərgiyə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən dünyanın 20 ölkəsindən 100-dən artıq iştirakçının qatılacağı gözlənilir. Bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri isə sərgi ekspozisiyasının əsasını təşkil edəcək. Diqqətəlayiq haldır ki, bu il ilk dəfə olaraq beş ölkə öz milli stendi ilə çıxış edir. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təmsil edən Belarus, Litva, Ukrayna, Macarıstan və Polşadır. Sürətli iqtisadi ikişaf biznesin genişlənməsi və qiymətli kadrlara olan tələbatın artması deməkdir ki, bu da təhsil sahəsində inkişafı daha da fəallaşdırır. Bu təmayülü isə “ВР”, ARDNŞ, “Azercell” və digər şirkətlərin iştirak etdiyi “Karyera” sektoru dolğun şəkildə əks etdirir. Bu sektorda öz karyeralarını bu və ya digər sahəyə həsr etmək istəyən gənclərdən ərizə və sənədlərin qəbulunu həyata keçirən işəgötürmə şirkətləri də iştirak edəcək və öz stendlərində ilkin müsahibələr aparacaqlar. Sərgi çərçivəsində şirkətlər təlim (treyninq) proqramları, məzun və praktikantlar üçün işəgötürmə proqramları, neft-qaz mütəxəssislərinin təhsili üçün maliyyə dəstəyi və Azərbaycanın neft və texniki sahələr üzrə ali təhsil müəssisələrinin məzunları üçün xüsusi proqramlar da təklif edəcəklər. “Təhsil və Karyera” sərgisinin daimi iştirakçısı - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərgi çərçivəsində məktəb və ali təhsil müəssisələri məzunlarına düzgün iş seçimi, ərizə və sənədlərin qəbulu və işəgötürənlərlə müsahibə sahəsində yardım göstərən, habelə vakansiyaların axtarışında bir çox faydalı məsləhətlər verən gənclərin qeyri-hökumət təşkilatları və birlikləri ilə konsultasiya keçirməyi planlaşdırır. “Təhsil və Karyera” sərgisi yalnız orta məktəblərin sonuncu sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də sahə mütəxəssisləri üçün açıq olacaq.
bütün xəbərlər
|