Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






03.10.2013 12:27

4-6 oktyabr tarixində “JW Marriott Absheron Baku” mehmanxanasında 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək.

4-6 oktyabr tarixində “JW Marriott Absheron Baku” mehmanxanasında 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi Azərbaycanda təhsil xidmətləri, ixtisas seçimi üzrə bələdçilik və gənclərin məşğulluğu sahələrində həyata keçirilən ən böyük sərgiyə çevrilmişdir. “Təhsil və Karyera” sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

 

Bu il “Təhsil və Karyera” sərgisi dünyanın 18 ölkəsindən 108 iştirakçını bir araya gətirəcək və burada ali təhsil almaq və ya öz biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunacaqdır. Belarus, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İspaniya, Kanada, Litva, Polşa, Rusiya, Ukrayna, BƏƏ və Cənubi Koreyanın ali təhsil müəssisələri Azərbaycanda ən çox tələb olunan ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edəcəklər. Builki sərginin fərqləndirici cəhətlərindən biri müxtəlif ölkələrin dövlət təhsil orqanlarının dəstəyi ilə çıxış edən milli qrupların fəal iştirakıdır. Belə ki, bu il sərgidə birdən-birə beş ölkə öz milli stendi ilə çıxış edəcək. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təmsil edən Belarus, Litva, Ukrayna, Macarıstan və Polşadır. Bu il ilk dəfə olaraq Macarıstan və Polşa öz milli stendləri ilə iştirak edirlər. Litvanın ali təhsil müəssisələri isə sərgidə ən geniş şəkildə təmsil olunacaq və 22 təhsil müəssisəsini təqdim edəcəklər. Belarusun milli qrupu Belarus Respublikasının ən böyük şəhərlərinin 7 ali təhsil müəssisəsini ehtiva edir. Əvvəllər olduğu kimi, bu il də Böyük Britaniya, BƏƏ və Kipr kimi ölkələr ali təhsil müəssisələri və dil məktəbləri üzrə müxtəlif təkliflərlə çıxış edəcəklər. Artıq əminliklə demək olar ki, “Təhsil və Karyera” sərgisi sayəsində xarici ali təhsil müəssisələri azərbaycanlı tələbələr üçün reallığa çevrilmişdir.

 

Həmçinin, Azərbaycanda ali təhsil imkanlarını təklif edən ekspozisiya da getdikcə genişlənir və bu il sözügedən ekspozisiya çərçivəsində paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri təqdim olunacaq. Belə ki, iştirakçılar arasında Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Bakı Sahibkarlıq Peşə Məktəbi (BSPM), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və digər təhsil müəssisələri yer alır. Sərgidə təhsil müəssisələrinin nümayəndələri universitetlərin fəaliyyətini və yeni təhsil proqramlarını nümayiş etdirəcəklər. Bu isə həm abituriyentlərə, həm də onların valideynlərinə ali təhsil müəssisəsinə xas olan mühitlə tanış olmaq və gələcəkdə düzgün seçim etmək baxımından kömək olacaqdır. Sərgidə Təhsil Nazirliyinin pavliyonunda Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində bir sıra peşə liseylərində xarici ölkələrin tanınmış şirkətləri ilə birgə həyata keçirilən pilot layihələr də təqdim olunacaqdır.

 

Sərgi çərçivəsində ziyarətçilərin diqqətinə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramları, işgüzar xarici dil, təcrübə və treninq (təlim) kursları təqdim olunacaq. Ziyarətçilər birbaşa sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinə nədən və necə başlamaq lazım olduğu haqda, habelə sənəd qəbulunun müddəti, təhsil haqqı və yaşayışın təşkili barədə onları maraqlandıran sualları verə və ali təhsil müəssisələrinin reytinqi, eləcə də bir sıra digər məsələlərlə bağlı məlumat ala biləcəklər. Xarici iştirakçılar tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.

 

“Təhsil və Karyera” sərgisinin unikallığı ondan ibarətdir ki, bu sərgi gələcək peşə seçimi üçün əlverişli şərait yaratmaqla yanaşı, həm işəgötürənlərə, həm də iş axtaran şəxslərə real yardım göstərir. Sürətli iqtisadi inkişaf biznesin genişlənməsi və qiymətli kadrlara olan tələbatın artması deməkdir ki, bu da təhsil sahəsində inkişafı daha da fəallaşdırır. Bu təmayülü isə telekommunikasiya, neft-qaz, energetika və bank işi sahələrində vakant iş yerləri təklif edən Azərbaycanın aparıcı şirkətləri, “Azercell”, “ВР”, ARDNŞ-AQS, “JTI” və “UniBank” kimi iri işəgötürən şirkətlərin iştirak etdiyi “Karyera” sektoru dolğun şəkildə əks etdirir. Həmçinin, bu il “Təhsil və Karyera” sərgisində “HRC” kimi işədüzəltmə şirkətləri ilə yanaşı, aparıcı sərgi və konfrans təşkilatçısı - “Iteca Caspian” şirkəti də ilk dəfə iştirak edir. İştirakçılar arasında əmək bazarının müasir tələblərinə uyğunlaşma mövzusunda məsləhət xidmətləri, treninqlər (təlimlər) və seminarlar təklif edən şirkətlər də yer alır. “Təhsil və Karyera” sərgisində iş axtaran şəxslər məşğulluqla bağlı pulsuz məsləhətlər almaq, iş təklifləri ilə tanış olmaq, anket doldurmaq, eləcə də sərgidə təqdim olunan şirkətlərin Kadrlar şöbəsinin işçiləri ilə ilkin birbaşa müsahibələrdən keçmək imkanı əldə edəcəklər.

 

Hazırda Azərbaycanda müasir avadanlıqlara ehtiyac duyan uşaq bağçaları və məktəblərin inşası və təmir olunması üzrə işlər həyata keçirilir. Bununla əlaqədar olaraq, sərginin “Təhsil müəssisələri üçün avadanlıqlar” bölümü çərçivəsində orta təhsil müəssisələri üçün geniş çeşiddə interyer mebeli, o cümlədən laboratoriya və tədris otaqları üçün avadanlıqlar təqdim olunacaq. Sərgi iştirakçılarının tam siyahısı ilə www.education.iteca.az vebsaytında və sərginin rəsmi “Facebook” səhifəsində https://www.facebook.com/EducationCareerAzerbaijan tanış ola bilərsiniz.

 

Sərgini bir sıra təqdimat və seminarlardan ibarət zəngin işgüzar proqram müşayiət edəcək. Belə ki, 4 oktyabr tarixində sərgi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər” mövzusunda dəyirmi masa keçiriləcəkdir. Sözügedən seminar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü çərçivəsində təşkil olunub. Dəyirmi masanın əsas məqsədi Ali təhsil müəssisələri və Azərbaycanın mühüm işə götürən təşkilatları arasında dialoqu inkişaf etdirmək, Azərbaycanda insan resursları bazarında mövcud problemləri ələ almaq, tərəflər arasında əməkdaşlığı genişləndirmək, iş sektorunun təhsil sahəsində fəal iştirak etməsini təşviq etmək, əmək bazarının inkişaf üçün gələcək birgə addımları müzakirə etməkdir. İlk dəfə keçirilən bu iclasın işində “Azercell”, “Azerfon”, “Azersun Holding”, “Akkord” və “BP” kimi şirkətlərin Kadrlar şöbələrinin rəhbərləri, eləcə də ali təhsil müəssisələri, insan resursları üzrə təşkilatlar, qeyri-hökumət təşkilatları və dövlət müəssisələrinin nümayəndələri iştirak edəcəklər. Dəyirmi masanın təşəbbüskarlar və iştirakçıları əmindirlər ki, bu tədbir ali təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlığın optimallaşdırılması üzrə qərarların qəbulunda uğurlu təməl olacaq.

 

Yaradıcı Pedaqogika Akademiyasının akademiki, Rusiya Federasiyasında ümumi təhsil sahəsinin fəxri işçisi, tibb elmlər doktoru, professor Bazarnıy Vladimir Filippoviçin “Məktəbəqədər tədris müəssisələrində və orta məktəblərdə təhsil-idrak prosesinin təşkili və bu prosesin yeni nəsillərin inkişafına və həyat qabiliyyətinə təsiri” mövzusunda keçirəcəyi qapalı seminar isə işgüzar proqramın digər mühüm tədbiri olacaq. Seminar Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Professor V. F. Bazarnıy təhsil müəssisələrini sağlamlığın inkişafına əsaslandıran və təhsil prosesi zamanı məktəbli uşaqların potensialını üzə çıxaran öz unikal sistemi barədə təqdimatla çıxış edəcək. Seminara yetkinlik və böyümə dövrlərinin bütün mərhələlərində uşaqların sağlam inkişafı prosesinə cəlb olunan olan strukturlar - qadın məsləhətxanaları, doğum evləri, ailələr, məktəbəqədər müəssisələr və orta məktəblər dəvət olunub. Seminar 5 oktyabr tarixində “JW Marriott Absheron Baku” mehmanxanasında keçiriləcək.

 

Beləliklə, sərgi təhsil və məşğulluq sahələrinin ən aktual mövzularını əhatə edir. Sərginin geniş ekspozisiyası təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsil üzrə istiqamət və formalarının müxtəlifliyi barədə məlumatlandırılmasına xidmət etməklə yanaşı, təqdim olunan vakansiyalar üzrə iş tapmağa da kömək edir. Bu baxımdan, hər iki istiqamətə artan marağı nəzərə alaraq, “Təhsil və Karyera” sərgisini iki ayrı layihəyə - Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi və Azərbaycan Beynəlxalq “Karyera” sərgisi layihələrinə bölmək barədə qərar qəbul edilib. Sərgilərin bu yeni imici hazırkı “Təhsil və Karyera” sərgisində ictimaiyyətə elan olunacaqdır.

 

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek