Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






19.09.2012 12:49

Sərgini ziyarət et - gələcəyini təmin et!

Sentyabr ayının 20-dən 22-dək “Bakı Ekspo” sərgi kompleksində 6-cı Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi keçiriləcək. Hər il təhsil müəssisələrinin çoxsaylı nümayəndələrini bir araya gətirən bu sərgi təhsil və maariflənmə ilə maraqlanan hər bir şəxs - abituriyentlər, tələbələr və onların valideynlərindən tutmuş əlavə ixtisas əldə etmək istəyən və öz karyerasında yüksəlməyi arzu edən peşəkarlar üçün ən mühüm tədbirlərdən biri sayılır. Sərginin uğurlu olmasının sirri ondadır ki, bir sərgi meydançasında iştirakçılar üçün olduqca səmərəli, ziyarətçilər üçün isə olduqca rahat bir şəkildə həm ali təhsil sahəsində, həm də dil bacarıqlarının təkmilləşdirilməsi üzrə xidmətlərin tam spektri təqdim olunur. Bundan əlavə, “Təhsil və Karyera” sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir.

Bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil müəssisəsi iştirak edir ki, bu da “Sərgini ziyarət et - gələcəyini təmin et!” şüarını büsbütün doğruldur. İştirakçı ölkələrin siyahısı da əhəmiyyətli dərəcədə genişlənib. Belə ki, bu il sərgidə dünyanın 20 ölkəsi, o cümlədən Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə, Çexiya və digərləri Azərbaycanlı tələbələrin yolunu səbirsizliklə gözləyən ali təhsil məktəblərini təqdim edəcəklər.

Milli təhsil strukturlarının sərgidə fəal iştirakı artıq bir ənənəyə çevrilib. Belə ki, “Təhsil və Karyera 2012” sərgisində Litva Respublikası ölkənin 11 məşhur təhsil müəssisəsi ilə çıxış edəcək. Belarus Milli Qrupuna bu ölkənin ən böyük şəhərlərinin 8 ali təhsil müəssisəsi daxil olacaq. Ukrayna Respublikası isə 6 qabaqcıl universitetini təqdim edəcək. Əvvəlki kimi, Böyük Britaniya, BƏƏ və Kiprin ali təhsil müəssisələri və dil məktəblərinin təkliflər dairəsi müxtəlifdir. Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim ediləcək. Bunların arasında Azərbaycan Universiteti, Gəncə şəhərindəki Azərbaycan Dövlət Universiteti, “Təfəkkür” Universitetini qeyd etmək mümkündür. Kompüter texnologiyaları sahəsində mütəxəssislər hazırlayan və ölkənin ixtisaslaşdırılmış təhsil müəssisəsi sayılan Bakı Kompüter Kolleci bu ilin debütantıdır. Sərgi iştirakçılarının tam siyahısı ilə www.education.iteca.az vebsaytında və sərginin rəsmi “Facebook” səhifəsində tanış olmaq mümkündür.

“Təhsil və Karyera 2012” sərgisinə giriş yalnız 11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr, onların valideynləri, həmçinin bu sahənin peşəkarları üçün açıq olacaq. Ekspozisiyanın əsasını xaricdə bakalavr və MBA (biznes menecmenti üzrə magistr) təhsili proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri təşkil edir. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələri və biznes məktəblərinin nümayəndələri ilə şəxsən ünsiyyət qura, təqdim edilən ölkələrdə ali məktəblərə qəbul və təhsil üzrə şərtlər, habelə təhsil qiymətləri, təqaüdlər, qrantlar və s. haqqında ilk mənbədən məlumat edə bilərlər. Bu isə xaricdə təhsil almaq üçün ən əlverişli və maraqlı təkliflər arasında seçim etmək baxımından faydalı olacaq.

Builki sərgini fərqləndirən özəl məqamlardan biri də Avropanın məşhur “Springer International Publisher” (Almaniya) nəşriyyat evinin elmi ədəbiyyata həsr edilmiş geniş ekspozisiyası olacaqdır. İngilis dilində nəşr edilən kitab və jurnallar ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub və həm özəl, həm də universitet kitabxanaları üçün çox dəyərli materiallara çevrilə bilər.

Sərgini daim müşayiət edən işgüzar proqram çərçivəsində sərginin ikinci günü, yəni 21 sentyabr tarixində “Ukraynada ali təhsil” mövzusuna həsr edilmiş 3 saatlıq seminar keçiriləcək. Azərbaycan tələbələrinin Ukraynada təhsilə artan marağını nəzərə alaraq, bu seminar Ukrayna Respublikası Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aparıcı mütəxəssislər tərəfindən keçiriləcək.

Beləliklə, bu gün informasiya əldə etmək üçün bir çox vasitələrin mövcud olmasına baxmayaraq, ixtisaslaşdırılmış “Təhsil və Karyera 2012” sərgisi üç gün ərzində lazımlı məlumatları tam həcmdə əldə etməyə imkan yaradan universal vasitədir.

“Təhsil və Karyera” sərgisinin unikallığı həm də ondan ibarətdir ki, bu sərgi gələcək peşə seçimi üçün əlverişli şərait yaratmaqla yanaşı, həm də işəgötürənlər və iş axtaran namizədlərə real yardım göstərir. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sərgidə “Karyera” sektorunda gənclərin qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin iştirakını təşkil edəcək. Burada mütəxəssislər iş axtaran gənclərə məsləhətlər verəcək və köməklik göstərəcəklər. Həmçinin, iştirakçılar arasında əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə məsləhət, təlim və seminarlar təklif edən şirkətlər də olacaq. İlk dəfə “Karyera” sektorunda “BP” və “Buta Sığorta” şirkətləri iştirak edəcək və birbaşa sərgidə işə qəbul üzrə ilk danışıqlar aparacaqlar. Beləliklə, sərgi ölkə gənclərinin məşğulluğu üzrə müasir bazarın problemlərinin həll edilməsinə imkan yaradacaq.

“Təhsil və Karyera 2012” sərgisi üçün ənənəvi olaraq bütün iştirakçıların əlaqə məlumatlarını özündə əks etdirən rəsmi sərgi kataloqunun çap və elektron versiyaları hazırlanacaq. Kataloq üç gün ərzində “Bakı Ekspo” mərkəzində pulsuz olaraq paylanılacaq.

Beləliklə, bütün dünyada ixtisaslaşmış işçilərə tələbatın get-gedə çoxaldığı bir vaxtda, sərgi növbəti dəfə təhsil müəssisələrinə özləri haqqında məlumat vermək və təcrübə mübadiləsi aparmaq kimi mükəmməl imkan təqdim edəcək. Gənclər üçün isə sərgi müxtəlif ali təhsil müəssisələrində qəbul və təhsil üzrə şərtlərlə tanış olmaq, inkişafa doğru yeni və keyfiyyətli addımlar atmaq üçün unikal şans verəcək. Sərgi “Iteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group plc” şirkətləri tərəfindən təşkil ediləcək. 2012-ci ildə keçirilən beynəlxalq sərgi və konfransların tərəfdaşları qismində isə “Nar Mobile” mobil rabitə operatoru (kommunikasiya tərəfdaşı), “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Hilton Baku” və “Qafqaz Point” mehmanxanaları (rəsmi mehmanxanalar) və “Greenwich Travel Club” şirkəti (rəsmi tur operator) çıxış edirlər.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
KARYERA
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Career
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  24/11/2020 25/11/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263



EDUCATION Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek