Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия








7-ci Azərbaycan Beynəlxalq
“Təhsil və Karyera” sərgisi

Foto-reliz

Oktyabr ayının 4-də “JW Marriott Absheron Baku” mehmanxanasında 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisinin açılış mərasimi baş tutdu. Keçirildiyi illər ərzində sərgi Azərbaycanda təhsil xidmətləri, ixtisas seçimi üzrə bələdçilik və gənclərin məşğulluğu sahəsində həyata keçirilən ən böyük sərgilərdən birinə çevrilmişdir. “Təhsil və Karyera” sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Litvanın təhsil nazirinin müavini Rimantas Vaytkus, Uşaqların sağlam inkişafı naminə Rusiya ittifaqının sədri Valeriy Berçun və digər “VIP”-qonaqlar, sərgi təşkilatçıları və mətbuat nümayəndələri iştirak edirdilər. Sərginin açılış mərasimində çıxış edən təhsil naziri qeyd etdi ki, sərginin əsas məqsədi ictimaiyyətin diqqətini Azərbaycanda təhsil sahəsində mövcud olan problemlərə yönəltməkdir və buna görə də, bu cür tədbirin keçirilməsi şübhəsiz ki, mühüm və nəcib addımdır. Sərgi ali təhsil müəssisələrinin təşviqi üçün vasitə və pedaqoqların potensial tələbələrlə görüş yeri olmaqla yanaşı, beynəlxalq miqyasda səmərəli təcrübə və nailiyyət mübadiləsinə də xidmət edir.

Müasir dünyada təhsil prosesi yalnız təhsili deyil, eləcə də gələcək məşğulluğu ehtiva edir. Bununla əlaqədar, cənab nazir kadr siyasətini də xüsusi vurğuladı. Karyera imkanları bazar şəraitinin təhlili ilə bağlıdır, buna görə də ali təhsil müəssisələri cəmiyyətdə bu və ya digər ixtisaslı kadrlara olan tələbatı nəzərə almalıdır. Sərgi meydançası və təqdim olunan nailiyyətlərin rol və əhəmiyyətini vurğulayan nazir Cabbarov bu sərginin gələcəkdə də ölkədəki təhsil sistemi potensialının əks etdirilməsinə xidmət edəcəyinə, eləcə də dünya üzrə təhsil müəssisələri ilə əməkdaşlığa maraq və istək yaradacağına əminliyini ifadə etdi.

Açılış mərasimində çıxış edən “Iteca Caspian” MMC-nin icraçı direktoru Fərid Məmmədov iştirakçı və qonaqları salamlayaraq qeyd etdi ki, “Təhsil və Karyera 2013” sərgisi bu tədbirlə əməkdaşlıq edən ölkələrin əhatə dairəsini xeyli genişləndirib. Tədbirə olan maraq o dərəcədə yüksəkdir ki, bütün eksponentləri sərgi meydançasında yerləşdirmək mümkün olmayıb. Cənab Məmmədov sərginin təşkil edilməsinə, ilk növbədə isə sərgiyə göstərdiyi dəstək üçün və sərgidə fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə öz minnətdarlığını bildirdi.

Daha sonra isə sərgi üzrə “VIP”-tur keçirildi.  Bu il “Təhsil və Karyera” sərgisi dünyanın 18 ölkəsindən 108 iştirakçını bir araya gətirib. Belarus, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İspaniya, Kanada, Litva, BƏƏ, Polşa, Rusiya, Ukrayna və Cənubi Koreyadan olan ali təhsil müəssisələri Azərbaycanda ən çox tələb olunan ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramı təqdim edirlər.

Builki sərginin fərqləndirici cəhətlərindən biri müxtəlif ölkələrin dövlət təhsil orqanlarının dəstəyi ilə çıxış edən milli qrupların fəal iştirakıdır, belə ki, bu il sərgidə birdən-birə beş ölkə öz milli stendi ilə çıxış edir. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təmsil edən Belarus, Litva, Ukrayna, Macarıstan və Polşadır. Bu il ilk dəfə olaraq Macarıstan və Polşa öz milli stendləri ilə iştirak edirlər. Litvanın ali təhsil müəssisələri isə sərgidə ən geniş şəkildə təmsil olunurlar (22 təhsil müəssisəsi). Belarus milli qrupuna Belarus Respublikasının ən böyük şəhərlərinin 7 ali təhsil müəssisəsi daxildir. Əvvəllər olduğu kimi, bu il də Böyük Britaniya, BƏƏ və Kipr kimi ölkələr ali təhsil müəssisələri və dil məktəbləri üzrə müxtəlif təkliflərlə çıxış edirlər. Beləliklə, “Təhsil və Karyera” sərgisi sayəsində xarici ali təhsil müəssisələri Azərbaycanlı tələbələr üçün reallığa çevrilmişdir. Azərbaycanda ali təhsil imkanlarını təklif edən ekspozisiya da genişlənmişdir və bu il sözügedən ekspozisiya çərçivəsində paytaxt və regionların təqribən 10 dövlət və özəl ali təhsil müəssisəsi təqdim olunur.

“Təhsil və Karyera” sərgisinin unikallığı ondan ibarətdir ki, bu sərgi gələcək peşə seçimi üçün əlverişli şərait yaratmaqla yanaşı, həm işəgötürənlərə, həm də iş axtaran insanlara real yardım göstərir. Bu il “Karyera” sektorunda telekommunikasiya, neft-qaz, energetika və bank işi sahələrində vakant iş yerləri təklif edən Azərbaycanın aparıcı şirkətləri, “Azercell”, “ВР”, “SOCAR-AQŞ”, “JTI” və “UniBank” kimi iri işəgötürən şirkətlər  iştirak edirlər. Həmçinin işədüzəltmə sahəsində fəaliyyət göstərən “HRC” şirkəti də sərgidə iştirak edir. Sərgi və konfransların təşkilatçısı “Iteca Caspian” şirkəti ilk dəfə olaraq “Təhsil və Karyera” sərgisinə iştirakçı qismində qatıldı. “Iteca Caspian” şirkətinin PR meneceri Svetlana Hacıyevanın sözlərinə görə “...“Iteca Caspian” şirkətində işləməyi arzu edən çoxsaylı ziyarətçilər stendimizə yaxınlaşmağa başlayarkən, ilk dəfə iştirak etməyimizlə bağlı keçirdiyimiz həyəcan hissi dərhal yox oldu”.

Sərgini bir sıra təqdimat və seminarlardan ibarət zəngin işgüzar proqram müşayiət edəcək. Bu gün sərgi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər” mövzusuna həsr olunmuş dəyirmi masa böyük uğurla həyata keçirildi. Dəyirmi masanın əsas məqsədi işəgötürənlər və ali təhsil müəssisələri arasında konstruktiv dialoq qurmaq, Azərbaycan əmək bazarının ən vacib problemlərini müzakirə etmək, hər iki tərəf arasında əməkdaşlıq sahələrini genişləndirmək, eləcə də əmək bazarının inkişafına dair gələcək birgə təşəbbüsləri nəzərdən keçirməkdir. Elə ilk dəqiqələrdən dəyirmi masa Azərbaycanın əmək bazarındakı vəziyyətin fəal müzakirəsi ilə başlandı. İştirakçılar arasında “Azercell”, “Azerfon”, “Azersun Holding”, “Akkord” və “BP” kimi şirkətlərin Kadrlar şöbələrinin rəhbərləri, eləcə də ali təhsil müəssisələri, insan resursları üzrə təşkilatlar, qeyri-hökumət təşkilatları və dövlət müəssisələrinin nümayəndələri var idi. Dəyirmi masanın sonunda iştirakçılar bu tədbirin ali təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlığın optimallaşdırılmasına dair qərarların qəbul edilməsi üçün yaxşı zəmin yaradacağına əmin olduqlarını ifadə edərək, bu cür formatda ünsiyyət imkanı yaratdıqlarına görə təşkilatçılara öz təşəkkürlərini bildirdilər.

Sabah sərgi öz işini davam etdirəcək. Sərginin gedişatı əsnasında çoxsaylı təqdimatların keçirilməsi, o cümlədən müasir məktəb avadanlıqlarının təqdim olunması planlaşdırılmışdır. Yaradıcı Pedaqogika Akademiyasının akademiki, Rusiya Federasiyasında ümumi təhsil sahəsinin fəxri işçisi, tibb elmlər doktoru, professor V. F. Bazarnıy tərəfindən “Məktəbəqədər tədris müəssisələrində və orta məktəblərdə təhsil-idrak prosesinin təşkili və bu prosesin yeni nəsillərin inkişafına və həyat qabiliyyətinə təsiri” mövzusunda keçiriləcək seminar isə işgüzar proqramın digər mühüm tədbiri olacaq. Cənab Bazarnıy Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə sərgi təşkilatçıları tərəfindən dəvət olunub. Professor V.F. Bazarnıy təhsil müəssisələrində sağlamlığın inkişafına əsaslanan və təhsil prosesi zamanı uşaqların potensialını üzə çıxaran unikal sisteminin təqdimatı ilə çıxış edəcək. Bu gün cənab Bazarnıy yerli televiziya kanallarına çoxsaylı müsahibələr verdi və bu, sağlam fizioloji inkişafın bütün tələblərini nəzərə almaqla yeni nəslə təhsil verilməsi mövzusuna olan marağı bir daha vurğulayır.

Sərginin hər iki istiqamətinə artan marağı nəzərə alaraq, “Təhsil və Karyera” sərgisini iki ayrı layihəyə - Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi və Azərbaycan Beynəlxalq “Karyera” sərgisi layihələrinə bölmək barədə qərar qəbul edilib. Bu barədə ilk dəfə oktyabr ayının 3-də keçirilən mətbuat konfransında məlumat verilmişdir. Bu gün isə ziyarətçilərə sərgilərin yeni imici nümayiş etdirildi. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  12/08/2020 13/08/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



EDUCATION & CAREER Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek